понедельник, 4 марта 2013 г.

Ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr edilmiş “ Mən azərbaycanlıyam ” adlı yaradıcılıq müsabiqəsinə


  


                    

      Ümummilli liderimiz Heydər Əliyevin  anadan olmasının 90 illiyinə həsr edilmiş
      “ Mən azərbaycanlıyam ” adlı yaradıcılıq müsabiqəsinə
         "Sevdiyim Böyük Azərbaycanlı!"         

                                                    “Böyük şəxsiyyətlər yaranır az – az,
                                              Hər yerdə, hər zaman inci tapılmaz”.
             S.Vurğun

Azərbaycan torpağı öz  xalqına zaman – zaman böyük şəxsiyyətlər bəxş etmişdir.
Belə şəxsiyyətlərdən biri və birincisi dahi rəhbərimiz, Ümummilli liderimiz Heydər Əlirza oğlu Əliyev olmuşdur. Onun Azərbaycan xalqı qarşısında xidmətləri ölçüyə gəlməzdir. Sovetlər birliyi dövründə Azərbaycana dalbadal 15 keçici bayraq bəxş edərək respublikalar arasında Azərbaycanına xüsusi imic yaradan Vətənin böyük oğlu Heydər Əliyev olmuşdur. Azərbaycan “olum - ölüm” delemması qarşısında olan zamanda da xilaskarlıq missiyasını öz əzəmətli çiyinlərinə götürərək xalqı parçalanmaqdan, ölümdən, qandan qurtardı. Müstəqil Azərbaycan dövlətini qurdu, yaratdı. Onun daxili və xarici siyasəti sayəsində ölkədə sabitlik yarandı. Bütün sahələrdə İslahatlar aparıldı. Böyük dünya dövlətləri, şirkətləri ilə  müqavilələr bağlandı. Azərbaycanda iqtisadi və sosial sahələrdə yüksəliş yarandı. Azərbaycan dünyada tanındı. Azərbaycanlılar dünyada tanındı. Heydər Əliyev vətənini , millətini,  xalqını, canından artıq sevirdi. Bütün varlığı ilə, ictimai – siyasi fəaliyyətilə, yerişi, duruşu, oturuşu ilə hamıya nümunə olmuş bənzərsiz şəxsiyyət haqqında, millətin qürur və güvənc yeri haqqında  nə qədər desən yazmağa dəyər.
Mən bir vətəndaş kimi onun ictimai – siyasi fəaliyyətini izləmiş, ona heyran olmuşam. Onun iradəsinə, potensial gücünə, zəkasına, insanları səfərbəretmə qabiliyyətinə, uzaqgörənliyinə, torpağını, millətini, xalqını sevməsinə, çətin, çıxılmaz məqamlardan mərdliklə, məharətlə çıxmasına həmişə qürur hissi, fəxrlə baxmışam. Həyatım boyu məndə belə bir fikir formalaşmışdır ki, dahilər dahisi Heydər Əliyev yer üzündə bənzərsiz bir insan olmuşdur. Bəli, bənzərsiz. Mən həmişə fəxr  etmişəm ki, Ümummilli liderimizlə bir dövrdə yaşamışam. O dövrün şahidi olmuşam. O çətin dövrləri mən də böyük ürək ağrısı ilə yaşamışam. Xalqımızın Böyük oğlu o çətinliklərə sinə gərdikcə, “döyüşdən” qalib çıxdıqca, xalqın məhəbbətini, hörmətini qazanmışdır. Milli mənəvi dəyərlərin qoruyucusu, müstəqil demokratik dövlətimizin qurucusu, dünya azərbaycanlılarının güvənc yeri olmuş Heydər Əliyev demişdir: “Hər bir insan üçün onun milli mənsubiyyəti, onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən Azərbaycanlıyam!”
Mən də fəxr edirəm ki, yazdığım şeirləri  Ümummilli liderə olan hörmət, məhəbbət və ehtiramımı onun sağlığında özünə, əməllərinə, əbədiyyətə qovuşduqdan sonra əziz xatirəsinə  həsr etmişəm. Onlardan “Ey mənim xalqımın xilasgar oğlu”, “100 il yaşa”, “Heydər baba”, “Dağ vüqarlı Heydər baba”, “İlin adamı”, “Alqış”, “Babam”, “Mübarəkdir”, “Xoş gəldin baba”, ”Dua edirik”,  “Oğlunla fəxr elə, ağlama, vətən! ”, ”Dahi rəhbər”, “Böyük oğul”. ”Bəşər unutmaz səni”, “Yaşayacaq adınız” şeirləridir.
Müsabiqəyə aşağıdakı şeirləri tədqim edirəm:
1. Yaşayacaq adınız.
2. Bəşər unutmaz səni.
3. Böyük oğul.


           


Yaşayacaq adınız

Millətinin adına
Şərəf, şöhrət gətirdin.
Azərbaycan deyərək.
Ömrü sona yetirdin.
***
Vətəninin  adını
Dastan etdin dilində,
Böyük sevgi qazandın
Dünyamızda, elində.
***
Millətin qürur yeri,
Güvənc yeri sən oldun.
Ey millətin atası,
90 yaşa  da doldun.
***
Odlar Yurdu ucalır,
Gözəlləşir günbəgün.
Hər beynəlxalq tədbirə
Sahiblik edir bu gün.
***
Arzuların gül açır,
Əməllərin yaşayır.
İlham ata adını
Layiqincə daşıyır.
***
Dünya heyran, mat qalır.
Bu müstəqil dövlətə.
Azərbaycanlı oğlu.
Çatdırıb bu şöhrətə.
***
Azərbaycan və Heydər
Yaşayacaq adınız!
Sizinlə fəxr eləyir.
İndi hər övladınız.





Bəşər unutmaz səni
Böyük öndər önündə dayanmaq da çətindi,
Sanki döyüşdən çıxıb, o məğrurdu, mətindi,
Döyüşdə bərkimişdir, poladdandır qolları,
Öz fəhmilə keçmişdir, o, keçilməz yolları.
                            ***
Tanrı səni yaratdı, adın Heydər,özün ər,
Bu millətin bəxtinə, adın dillərdə əzbər.
Sənin böyük ürəyin Azərbaycanla vurdu,
“Azərbaycan” deyərkən birdən döyündü, durdu.
                            ***
Üstündəki tər çiçək sanki Göyəzən dağı,
Ziyarətgah edibdir el bu müqəddəs bağı.
Adınızla tanındı dövlətimiz cahanda,
Üçrəngli bayrağımız dalğalandı hər yanda.



Böyük oğul

Böyük Oğul görmüşəm, doğma xalqına rəhbər,
Bir ömürdə yaşadı neçə ömrə bərabər.
Keçilməz yollar keçdi, qovdu çəni, dumanı,
Xalqı təhlükədəydi, qalmamışdı gümanı.

Sinəsin sipər etdi, qalxdı Oğul ayağa,
Qəlblərə işıq saçdı, o çevrildi mayağa.
Milləti bölünmədi, ayrılmadı heç yerə,
Sınaqdan qalib çıxdı, qalib oldu min kərə.

Möhkəm ordu yaratdı, müstəqil dövlət qurdu.
Qəlbinin döyüntüsü Azərbaycanla vurdu.
Böyük Oğul bütövdü hər işində, sözündə,
Azərbaycan ucaldı dünyamızın gözündə.



Zöhrə Qara qızı Məhəmmədova.

Sabunçu rayonundakı C.Məmmədyarov adına 
155 saylı tam orta məktəbin direktoru.














Комментариев нет:

Отправить комментарий